"Mən ilk gündən demişəm ki, millinin qapısı hamının üzünə açıqdır. İyunda keçirəcəyimiz Millətlər Liqasında mübarizə aparacaq heyətin özəyini formalaşdırmağa çalışırıq. Çox güman, bu gün milliyə dəvət alanların əksəriyyəti bizimlə birlikdə olacaq".
Bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Maltaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib: "Heyət məsələsinə gəlincə, əvvəlki toplanışlara Eddi İsrafilovu dəvət edə bilmirdik. Bunun da əsas səbəbi COVID-19 pandemiyası və daha sonra klubsuz qalması idi. Bizim üçün vacib oyunçudur. Həm hava toplarında, həm də fiziki cəhətdən üstün cəhətləri var. Namik Ələskərovun yüngül zədəsi var və sabahkı oyunda çıxış edə bilməyəcək. Həkimlər Latviya ilə oyuna hazır etməyə çalışırlar. Keçən dəfə dediyim kimi, əvvəlki toplanışlarda əsasən gənclərə üstünlük verirdik. Ancaq zaman göstərdi ki, nəticə qazanmaq üçün komandaya təcrübəli futbolçular da lazımdır. Bu səbəbdən gənclərlə bərabər təcrübəli futbolçulara da dəvət göndərdik.
Qeyd edək ki, martın 25-də keçiriləcək Malta - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matç Maltadakı Milli Stadionda keçiriləcək.